Tural Zeynalov azadlığa buraxıldı

2021-ci ilin iyununda Şəmkir rayonunda həbs edilən “Qala” restoranının sahibi Tural Zeynalov azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbsə məhkum edilən iş adamı ötən gün cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, əvvəllər deputatlığa namizəd olmuş Tural Zeynalovun həbsi geniş müzakirələrə səbəb olmuş, onun saxlanılması zamanı çəkilən görüntülər mediada yayılmışdı.

DİN-in yaydığı açıqlamada sözügedən restoranda karantin qaydalarına zidd olaraq toy məclisinin keçirildiyi bildirilmişdi. Məlumata görə, polis əməkdaşları həmin restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ