Meyxananın “Eskobar”ları...

Xəbər verdiyimiz kimi, bu gün meyxanaçı Mahir Qonşuyev (“Mahir Ay Brat”) saxlanılıb. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan meyxanaçının üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib. Nəticədə onun barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun məlumatına görə, Mahir Qonşuyev narkotikə görə dəmir barmaqlıqlar arxasına düşən ilk meyxanaçı deyil. Bundan əvvəl də eyni cinayət əməlinə görə həbs həyatı yaşayan meyxanaçılar olub.

2021-ci ilin oktyabrında tanınmış meyxanaçı Cavid Sumqayıtlı (Babaşov) da eyni aqibətlə üzləşib. Onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasan, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Mahir Cürət də narkotikə görə həbs həyatı yaşayan meyxanaçılar arasındadır. O, bu taleyi 2016-cı ildə yaşayıb. Üzərində narkotik vasitə ilə tutulan Mahir Cürət 2017-ci ildə sərbəst buraxılmışdı.

2004-cü ildə mərhum meyxanaçı Bayram Kürdəxanlının da üzərinə baxış keçirilən zaman onda şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanmışdı. Həmin vaxt Bayram Kürdəxanlı 22 yaşından narkotikdən istifadə etdiyini söyləsə də, sonradan tərgitdiyini bildirmişdi. Narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə bir il azadlıqdan məhrum edilən meyxanaçı 1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda idi. O, 2017-ci ildə avtomobilin vurması nəticəsində dünyasını dəyişib.

Bundan başqa, Əlislam Dağlı yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün vəfat edib. Bu, hadisə də 2017-ci ilə baş verib.

“Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev isə 2019-cu ildə inzibati qaydada cəzalandırılıb. O, İnzibati Xətallar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

Onu da xatırladaq ki, bəzi tanınmış digər meyxanaçılar da vaxtilə narkotik maddədən istifadə edib. Onlar bunu həm məclislərdə dediyi meyxanalarda, həm də müsahibələrində etiraf ediblər. Onu da etiraf ediblər ki, narkotik maddədən istifadə onların həm sağlamlığına, həm şəxsi həyatına, həm də karyerasına ciddi təsir göstərib.

Heç kimə sirr deyil ki, zaman-zaman meyxana sənətində kriminal aləmlə bağlı qafiyələr də açılır. Bu kimi meyxanalar bəzən gənclər arasında trendə çevrilir. 

Elə bunu nəzərə alaraq, ötən aylarda meyxanaçılar Pərviz Bülbülə və Balaəli sosial şəbəkə vasitəsi ilə pərəstişkarlarına müraciət edib. Onlar müraciətlərində ifa etdikləri meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etməyin qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğunu bildiriblər. Bu səbəbdən hər iki meyxanaçı bu kimi müraciət və sifarişlərin dayandırılmasını xahiş ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ