Liftin düyməsini qıran hakimlə bağlı - Rəsmi açıqlama

Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq məhkəmədən bildirilib.

Qeyd olunub ki, yayılan məlumatlarla əlaqədar aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

“Həmçinin, ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq.”

Qeyd edək ki, Zamiq Bağırov “Yeni Həyat” yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırıb. Məlumata görə, Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsə də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ