İlkinlə bağlı hökmə görə Ali Məhkəməyə müraciət edildi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqda öldürməkdə ittiham olunaraq 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovla bağlı hökmün surəti 5 gündür vəkillərinə verilməyib.

“Qafqazinfo” xəbər verir ki, vəkillər bu gün yenidən hakim Dadaş İmanova müraciət edib, hökmün surətini istəyiblər.

Vəkillər bildiriblər ki, qanuna görə üç gün ərzində hökm tərəflərə təqdim edilməlidir. Lakin hakim bu dəfə də hökmü verməyib.

Bununla bağlı vəkillər-Zabil Qəhrəmanov, Əlibaba Rzayev və Murtuzəli Abbasov Məhkəmə-Hüquq Şurasına şikayət ediblər. Onlar 20 gün ərzində hökmdən apellyasiya şikayəti verəcəklərini qeyd ediblər.

İlkin Süleymanovun atası İbrahim Süleymanov isə Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla yanaşı, Ali Məhkəmənin sədri İnam Kərimova da müraciət edib. İbrahim Süleymanov müraciətində hökmün surətinin 5 gün ərzində verilməməsindən narazı qaldığını, məsələnin həllinə köməklik göstərilməsini xahiş edib.

Qeyd edək ki, İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması iyunun 5-də başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ