Qəsdən adam öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının qətl törətdiyi bıçağı aldığı mağazanın satıcısı Xankişi Cəfərovun ifadəsi elan olunub.
Xankişi Cəfərov hərbi xidmətdə olduğu üçün onun məhkəmədə iştirakını təmin etmək mümkün olmayıb.
Şahid istintaqa verdiyi ifadəsində deyib ki, Rəşad Dağlı ilə şəxsi tanışlığı olmayıb, yalnız sosial şəbəkələrdə görüb. Meyxanaçı hadisə baş verən gecə ilk dəfə mağazaya gəlib, bir ədəd bıçaq və iki qutu siqaret alıb:
“Noyabrın 8-i gecə saat 4 radələri idi. Rəşad Dağlı mağazaya gəldi, bir bıçaq iki qutu siqaret istədi. Bıçağı 45 manata satdım, 6 manat da siqaretin pulu etdi. Mağazadan çıxandan sonra arxası ilə getmədim, amma kameradan qara Nivaya mindiyini gördüm”.
Məhkəmə şahid qismində tanınmış sonuncu şahidin prosesə çağırılmasına ehtiyac görməyib. Onun istintaqa verdiyi ifadəsi elan olunmuş hesab olunub.
İclasın davamında Rəşad Dağlı sərbəst ifədə verib. Rəşad Dağlının sözlərinə görə, İsgəndər Mehdiyevlə qonşu olub, əvvəllər ədavətləri olmayıb.
Hadisəyə gəlincə isə meyxanaçı İsgəndəri öldürmə səbəbinin təhdid olunması və onun şərəf və ləyaqətinə xələl gətirən sözlər işlətməsi olduğunu deyib:
“İsgəndərlə bu məsələ barədə ilk söhbətimiz telefonla olub. Mənə dedi ki, bir nəfər var, sənin barəndə şəxsiyyətinə sığışmayan şeylər bilir. Gəl, bu məsələni həll edək. Dediyinə görə, həmin adamın 6 min manata ehtiyacı var, 3 minini tapıb, 3 min manatını da sən düzəlt ver, bu söhbət bağlansın. Mən buna etiraz etdim, məni onunla görüşdürməyini istədim. Necə olur ki, pul verməyəndə dediyi nalayiq sözlər mənə aid olur, verəndə yox? Sonra dedi ki, guya bundan əvvəl də eyni cür hadisə olub, sonradan işi vaxtında həll etmədən adam özünü asıb. Nə isə mübahisə etdik, dedi gəl sizi görüşdürəcəm, amma dolu gəl. Dolu deyəndə yəni özünü müdafiə üçün nə isə götür. Bundan sonra mağazadan bıçaq aldım, İsgəndəri də götürüb hadisə baş verən yerə getdim. Ora çatanda məlum oldu ki, məni heç kimlə görüşdürməyəcək. Maşında mübahisə etdik, dedi ki, bu söhbət bağlanmasa, həmin adam bildiklərini gəlib toyda yayacaq. Hadisənin əsas səbəbi isə İsgəndərin “bu işi görmüsənsə, əvəzini ödəməlisən” deməsi olub. Bu sözü hansı mənada deməsi də məlumdur. Bu vaxt özümdən çıxdım, birinci o, məni vurmaq istədi, lakin mən cəld tərpənib özümü müdafiə etmək üçün onu vurdum“.
Prokuror Rəşad Dağlıdan İsgəndər Mehdiyevi bıçaqladıqdan sonra təcili yardım çağırmamasının səbəbini soruşub. Meyxanaçı bunu İsgəndərin dərhal ölməsini fikirləşməsi ilə əlaqələndirib.
İclasın sonuna yaxın məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimovla Rəşad Dağlı arasında qısa dialoq olub. Hakimi maraqlandıran məsələ Rəşad Dağlının təhdid olunduğunu bilə-bilə polisə müraciət etməməsi olub. Meyxanaçının bu məsələyə cavabı hakimi təəccübləndirib:
Hakim: -Siz əvvəldən bilirdiz ki, bu adam sizi təhdid edir. Nəyə görə polisə məlumat vermədiz?
Rəşad Dağlı: -Mən toy adamıyam, bizdə belə şeylər qəbul edilmir.
Hakim: -Qanun var, qayda var.
Hakim: -Yasamalda adət-ənənə var, böyük kiçik var. Onlar həll edə bilərdi.
Rəşad Dağlı: -Nəbilim, belə alındı.
Növbəti proses 7 iyula təyin olunub.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb.