Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Mərkəzinin dəstəyi ilə 1 İyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə Azərbaycanda qaçqın həyatı yaşayan ukraynalı uşaqlar üçün bayram tədbiri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, bayram tədbirində çıxış edən Ukrayna Ali Radası sədrini müşaviri, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi Hikmət Cavadov bildirib ki, tədbirin məqsədi bir ildən çoxdur qaçqın həyatı yaşayan ukraynalı fidanlara müharibənin ağrı-acısını bir an da olsun unutdurmaq, onların həyata baxışlarında dəyişiklik yaratmaqdır:
“Təəssüf ki, bu gün dünyada müdafiəyə ən çox ehtiyacı olan ukraynalı uşaqlardır. Dünya Azərbaycanlıları Beynəlxalq Fondu olaraq Ukraynadakı prosesləri daimi diqqətə saxlayacağıq”.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski qeyd edib ki, dost Azərbaycanda qonaqpərvərliklə qarşılanan ukraynalı uşaqların üzündə yenidən sevinc yaranıb.
Tədbirdə Azərbaycanın incəsənət xadimləri çıxış edib, ukraynalı uşaqlar Azərbaycan mətbəxindən müxtəliv növ təamlara qonaq ediliblər. Sonda Fond tərəfindən 50-dən çox ukraynalı uşağa bayram hədiyyələri təqdim olunub.