Rəşad satıcıdan bıçağı aksesuar kimi alıb - məhkəmə zalından

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.

Şahid bildirib ki, Rəşadın media ilə bağlı və digər işlərini görür: 

“Hadisə günü gecə saat 4 radələrində Rəşad zəng elədi qapının ağzına çıx. Qapıya çıxanda dedi ki, evdə gödəkcəm var, onu gətir. Əynində gödəkcəsi suya batmışdı. Qalxıb gödəkcəni gətirəndə gördüm Rəşad yoxdur. Zəng elədim, açmadı, narahat oldum. Çünki, Rəşad nə olur olsun, mənim telefonumu götürür. Avtomobilimə minib Yasamalda Rəşadı axtarmağa başladım. Bir neçə saat sonra Rəşad telefonla zəng elədi. Görüşdük, dedi məni polisə təslim elə. Səbəbini soruşdum, dedi İsgəndəri öldürmüşəm. Səbəbini soruşdum, danışmadı, hiss elədim ki, şokdadır. Bir onu dedi ki, gözümü açanda İsgəndər qanın içindəydi. Başqa heç nə danışmadı, mən də soruşmadım, polisə getdik”.

Şahid qeyd edib ki, zərərçəkəni tanımır: 

“Adını eşitmişəm. Bir də hadisədən bir müddət qabaq İsgəndər mənə zəng edib. Özünü İsgəndər kimi təqdim etdi və meyxanaçı Ələkbər Yasamallının qohumu olduğunu dedi. O, telefonda Rəşadla görüşmək istədiyini, vacib söhbətinin olduğunu bildirdi. Mən əvvəl ciddiyə almadım. Bir gün keçəndən sonra yenidən zəng elədi. Dedim gəl, səninlə mən görüşüm. Düşündüm, pula ehtiyacı var. Dedi mütləq Rəşadla danışmalıyam, sonra gec olacaq. Mən İsgəndərin dediklərini Rəşada dedim. Rəşad mənə “boş ver” dedi. Noyabrın 2-də yenidən İsgəndər mənə zəng elədi, götürmədim. Sonra mesaj yazdı, mən də bloka atdım”.

Şahid daha sonra hakim və vəkillərin suallarını cavab verib. O qeyd edib k, qardaşı mülayim adam olub, heç zaman bıçaq gəzdirməyib.

Prosesdə daha sonra şahid Yaşar Abdullayev ifadə verib. Şahid qeyd edib ki, aksessuarlar satan obyekti var:

“Rəşad müştərimiz olub. Hadisə günü dükana gəlib. Həmin vaxt satıcıdan aksessuar kimi bıçaq alıb. Hadisə olandan sonra Rəşadın axşam mağazaya gəldiyini və bıçaq aldığını eşitmişəm”.

Prosesdə şahid qismində Azər Quliyev dindirilib. Şahid mərhum İsgəndər Mehdiyevin qohumu olduğunu deyib:

“İsgəndəri hadisədən bir müddət əvvəl məclisdə gördüm. Məndən konturum olub-olmadığını soruşdu, dedim var. Bir nömrəyə zəng elədi, götürən olmadı. Mən kimə zəng elədiyini soruşanda dedi ki, Rəşad Dağlıya zəng edir. Sonra dedi ki, Rəşada mesaj yaz ki, zəng edən İsgəndərdir. Mesajı yazandan bir dəqiqə sonra Rəşad zəng elədi. İsgəndər danışanda dedi ki, görüşməliyik, telefon söhbəti deyil. Sonra sağollaşdılar. İsgəndər söhbətin nə olduğunu mənə demədi, mən də heç soruşmadım”.

Şahid vəkilin sualına cavab olaraq bildirib ki, İsgəndərin bıçaq kolleksiyası olub: “Çöldə və yaxud üstündə bıçaq gəzdirməyə bilmirəm. Amma evində müxtəlif növ bıçaqları vardı”.

İş üzrə iki nəfər şahid kimi dindirilməyə çağırılsa da, prosesdə iştirak etməyib.

Hakim qeyd edib ki, şahidlərdən Xankişi Cəfərquliyev hərbi xidmətdədir. Rəşad Dağlının vəkili həmin şahidin də məhkəməyə gəlib dindirilməsini tələb edib.

Növbəti proses iyunun 9-na təyin edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ