Azadlığa buraxılan şəxs 35 dəqiqə sonra yenidən həbs edildi

Qubada həbsdən azad edilən şəxs 35 dəqiqə sonra yenidən həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 26-da Quba Rayon Polis Şöbəsində baş verib.

Belə ki, martın 11-də Şabran rayonunun Uzunboyad kənd sakini olan 29 yaşlı Z.Səmədov narkotik vasitələrdən istifadə ittihamına görə saxlanılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib. Martın 26-da saat 19:00-da onun cəza müddəti başa çatıb.

İttihama görə, Quba Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerindən sərbəst buraxılan Z.Səmədov əsəbi halda təhqiramiz ifadələr işlətməyə başlayıb. Polisin ünvanına nalayiq ifadələr işlədən şəxs saat 19:35-də yenidən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və Quba Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə 29 yaşlı şəxs törətdiyi əməli etiraf edib: “Həmin vaxt əsəbi olduğum üçün orada xidmət edən polislərin tələblərinə tabe olmamışam, həmçinin hadisə vaxtı sərxoş halda olmuşam. Barəmdə yüngül cəza verilməsini xahiş edirəm”.

Quba Rayon Məhkəməsinin qərarı ilə Z.Səmədova 10 sutka inzibati həbs cəzası verilib. Qərarda həbs etmənin əvvəlinin 26 mart saat 19:35-dən hesablanması qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ