Keçmiş polis rəisi maşını gülləbaran etdi, 1 il həbs aldı - video

İş adamı Şirzad Quliyev keçmiş polis rəisi Rza Hacıyevin onu təhdid etdiyi üçün aldığı cəza müddətindən narazıdır.

“Qafqazinfo”ya müraciət edən Quliyev bildirib ki, sabiq rəis onu ictimai yerdə avtomatla hədələyib, maşınını gülləbaran edib. Bununla belə Ali Məhkəmə Hacıyevə cəmi 1 il azadlıqdan məhrum etmə cəzası verib.

Xatırladaq ki, Rza Hacıyev Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, vaxtilə Neftçala və Sabunçu rayonlarının polis rəisi olub. 2021-ci il dekabrın 16-da Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan Şirzad Quliyevin “Lexus” markalı maşınına avtomatdan 9 dəfə atəş açıb. Buna görə barəsində cinayət işi başlanaraq həbs edilib.

Şirzad Quliyev müraciətində qeyd edir ki, hadisə baş verən zaman ətrafda çoxsaylı yaşayış evləri olmasına baxmayaraq, Hacıyev qanunsuz gəzdirdiyi “Kalaşnikov” avtomatı ilə 3-4 metr məsafədən onun avtomobilini atəşə tutub: “Avtomobilə 15 min manat ziyan dəydi. Maşın bir qırağa, bu, mənim həyat və sağlamlığım üçün real təhlükə idi. Rza Hacıyev Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilindi. Sabunçu Rayon Məhkəməsi Rzanın şəxsi əlaqələri sayəsində ona şərti cəza vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib real cəza ilə əvəz etdi. Rza Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edildi.

Rza kassasiya şikayəti verdi və işə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxıldı. Hakimlər cinayətin odlu silahdan istifadə edilməsi ilə törədilməsinə, ictimai yerdə törədilməsinə baxmayaraq, belə nəticəyə gəldilər ki, Rza Hacıyevin əməllərində xuliqanlıq yoxdur. Onun cəzasını 1 ilə endirərək qısa müddətdə azadlığa çıxması üçün şərait yaratdılar”.

Məsələ ilə bağlı Ali Məhkəməyə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.

Qeyd edək ki, hadisə zamanı DİN açıqlama yayaraq bildirmişdi ki, Rza Hacıyev münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Uzun illər daxili işlər orqanlarında çalışan Rza Hacıyev 2014-cü ildə polis polkovniki kimi təqaüdə göndərilib. Onun adı 2014-cü ildə Türkiyədə qətldə hallanıb. İddia olunub ki, Hacıyev AST Telmana məxsus “Mardan Palace” hotelində bir qadını döyərək öldürüb. Lakin iddialar təsdiqlənməyib.

Məlumata görə, Hacıyevlə şərikinin davası isə biznes üstündə olub. Belə ki, onların Sabunçu rayonunda 600 kv. metrlik şərikli əmlakı olub. Şəriklik pozulanda Şirzad Quliyev əmlakın dəyərinin 50 faizi kimi nəzərdə tutulan 580 min manatı tələb edib. Hacıyev isə əmlakın sənəd üzərində ona məxsus olmasından istifadə edərək heç bir ödəniş etməyib.

Məhkəmənin gedişatı zamanı isə sabiq rəis şərikinə 350 min manat ödəyib. Şirzad Quliyev qalan 230 min manatının hələ də ödənilmədiyini bildirir.

Qeyd edək ki, cinayət işləri üzrə məhkəmə çəkişmələrində Ali Məhkəmə sonuncu instansiyadır. Onun qərarı yekun hesab olunur və dəyişdirilmir. Yalnız Ali Məhkəmənin sədri tərəfindən qərar plenuma çıxarılaraq müzakirə oluna və yenidən baxıla bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ