Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlinini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğu da məlumat yayıb.
Qeyd olunub ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət işi başlanıb.