Naxçıvanda restoranda müğənniyə 100 manat verərək, mahnı sifariş edən iki əmioğlu həbs edilib.
“Qaynarinfo”nun məlumatına görə, hadisə 11 mart 2023-cü il tarixdə, saat 00:50-də Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən restoranda baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Zaur əmisi oğlu, 1993-cü il təvəllüdlü Haqanla restoranda yeyib-içdikdən sonra Aytəkin adlı müğənniyə 100 manat verərək, mahnı sifariş ediblər. Aytəkin iş vaxtının bitdiyi üçün oxumayacağını, musiqi alətlərinin söndürüldüyünü bildirib və müştəriyə hesabı bağlayaraq, restoranı tərk etməyi tövsiyə edib. Bundan əsəbiləşən Zaur müğənniyə: “Səni təpiyimin altına salaram”, - deyib. Haqan isə: “Bokal gələcək indi, pulla niyə oxumursan?” - deyə irad tutub.
Müğənni restoranı tərk edən zaman qohumlar onun üzərinə gedərək, təhqir etməyə başlayıblar. Hadisə yerinə yaxınlaşan polislər onları nizam-intizama riayət etməyə çağırıblar. Çağırışa məhəl qoymayan əmioğlanları polisləri də təhqir etməyə başlayıb və onlara müqavimət göstəriblər.
Məhkəmənin qərarı ilə Zaurla Haqan İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 17 gün müddətinə inzibati qaydada həbs olunublar.