Gəncədə marketdə hücum: 150 min manat oğurlanıb - video

Gəncədə marketlərdən birində quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər ərazisindəki mağazalardan birinə 1 nəfər maskalı naməlum şəxsin qanunsuz olaraq daxil olması, gözətçiyə küt alətlə xəsarət yetirməsi və oradan içində 157. 151 manat, 6.040 dollar və 18.100 rubl olan dəmir seyfi aparması barədə məlumat daxil olub.

Baş İdarə və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən seyf yaxınlıqdakı ərazidən aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Nicat Abdullayev saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ