Hindistanın ən təhlükəli qanqsterlərindən biri kimi tanınan Rohit Qodara Azərbaycandan qaçıb və hazırda Dubaydadır. Bu barədə Haqqin.az Hindistan mətbuatına istinadən yazır.
Racastanın hüquq-mühafizə orqanları Qodarı beynəlxalq axtarışa verib. Onun Dubayda olduğu məlum olanda Hindistanın bütün təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Fevralın 15-də İnterpola Qodara qarşı “qırmızı bildiriş” verilməsi tələbi daxil olub, eyni zamanda Hindistanın bütün hava limanlarında növbətçilik təşkil edilib.
Rohit Qodara hazırda həbsdə olan Hindistanın Pəncab əyalətindən olan “xaç atası” Lourens Bişnoyun dəstəsini idarə edir. Ötən ilin mayında məşhur hind müğənnisi və siyasətçisi Musa Valanın qətlinin arxasında məhz Qodar dayanır.
Xatırladaq ki, müğənninin qətlinin təşkilatçılarından biri olan Saçin Çapan Bişnoy aprel ayında saxta pasportla Azərbaycana qaçıb, bundan əvvəl qatilləri silahla təmin edib və onlara sui-qəsd planını təqdim edib. Bir neçə ay əvvəl Bişnoy həbs olunub və hazırda onun Hindistana ekstradisiyası proseduru davam edir.
Bundan sonra Rohit Qodaranın özünün də Azərbaycanda gizləndiyi məlum olub. Məhz buradan o, cinayətkar dəstəyə rəhbərlik etməyə davam edib və ötən ilin dekabrında daha bir səs-küylü qətl hadisəsi təşkil edib. Dekabrın əvvəlində Racastan ştatının Sikar şəhərində onun adamları Raju Tet adlı cinayətkarı güllələyib öldürüblər. İddialara görə, Raju Tet və Lourens Bişnoyun dəstələri arasında uzun müddətdir ki, fikir ayrılığı yaranıb və birincinin öldürülməsinin Bişnoyun dəstə üzvlərindən birinin ölümünə qisas aldığı iddia edilir. Hindistan mediasının məlumatına görə, sui-qəsddən bir neçə saat sonra Rohit Qodara öz Facebook hesabında belə yazıb: “Mən, Rohit Qodara, Raju Tetanın ölümünə görə məsuliyyət daşıyıram. O, böyük qardaşlarımız Ananda Pal Ji və Balbira Jinin qətlinə görə cəzalandırılıb. Biz onu öldürməklə qisas aldıq. Digər düşmənlərimizə gəlincə, biz də tezliklə onlarla hesablaşacağıq”.
Hindistan mətbuatı bildirir ki, Racastan polisində Qodara qarşı 32 cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, ötən il iyunun 13-də saxta pasportla Dehlidən Dubaya uçub və oradan Azərbaycana gəlib. Qodarın iki dəfə Azərbaycanda saxlandığı, lakin sübut olmadığı üçün sərbəst buraxıldığı bildirilir. Bir müddət sonra qanqster ölkəni tərk edərək Dubaya qayıdıb.