Azərbaycanda iki kəndi birləşdirən dəmir körpü oğurlanıb

Göygöldə iki kəndi birləşdirən dəmir körpünü oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ