Müdafiə Nazirliyindən hərbi şəhərcik tikmək üçün külli miqdarda pul alan şirkətlə bağlı məhkəmə yekunlaşıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə “Koza İnşaat Ve Savunma Sanayi Ticaret Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi Müdafiə Nazirliyinin rəhbərliyi ilə müqavilə bağlayıb. Müqavilə tələblərinə əsasən, şirkət MN üçün hərbi şəhərcik tikməli imiş. Lakin qeyd olunan vaxta qədər müqavilə öhdəlikləri yerinə yetirilməyib. Buna görə də nazirlik şirkət barədə məbləğin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məhkəmə iddianı qismən təmin edib. Ödənilmiş pulun tutularaq MN-ə qaytarılmasına dair qərar çıxarılıb.
Qeyd edək ki, “Koza İnşaat” Türkiyənin tanınmış inşaat şirkətlərindən biridir. Onun Azərbaycandakı filialının rəhbəri İzzet Özgümüş isə tanınmış iş adamlarından sayılır. Şirkət 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərir.