Pakistanlı korrupsionerlər Azərbaycana qaçır - hindistanlı quldurların ardınca

Pakistan Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı Matiari şəhərinin keçmiş komissar müavini Adnan Rəşidin 7 sutka həbs olunması tələbi ilə məhkəmədə vəsatət qaldırıb.

Məmur yol tikintisi layihəsi çərçivəsində korrupsiya sxeminin təşkili nəticəsində 2,14 milyard rupi (təxminən 9 milyon dollar - red.) mənimsəməkdə ittiham olunur. Bu işdə təqsirləndirilən digər məmur, Sind əyalətinin Nauşaro Feruz rayonunun komissar müavini olmuş Taşfin Alam bir neçə gün əvvəl Azərbaycana qaçıb.

Noyabrın 17-də korrupsiyaya qarşı mübarizə polisi Rəşidi həbs edib. İttihama görə, o, Sukkur-Heydərabad avtomobil yolunun tikintisinə ayrılan vəsaitin bir hissəsini mənimsəyib. Korrupsiya halı yeni yolun çəkiləcəyi torpaq sahələrinin mülkiyyətçilərdən alınması zamanı baş verib. Lakin Rəşidin vəkili müdafiə etdiyi şəxsin ittihamla razılaşmadığını, etiraf mətnini təzyiq altında imzaladığını iddia edir.

Noyabrın 19-da, Adnan Rəşidin həbsindən bir neçə gün sonra Taşfin Aləm Pakistanı tərk edərək Azərbaycana qaçıb. Bu korrupsiya qalmaqalı ilə əlaqədar noyabrın 22-də Nauşaro Feruz rayonunun yerli hakimiyyətinin səlahiyyətləri dayandırılıb. Həmçinin, Taşfin Aləmin 120 gün müddətinə vəzifəsindən uzaqlaşdırılması qərara alınıb. Korrupsiya qalmaqalında daha iki yerli məmurun adının hallandığı bildirilir.

Taşnif Aləm

Məlum olduğu kimi, Pakistanın Milli Avtomobil Yolları İdarəsi torpaqların alınması üçün 4 milyard rupidən bir qədər çox vəsait ayırıb. Lakin adıçəkilən məmurlar bu pulun yarısını mənimsəyiblər. Bunun üçün mülkiyyətçilərlə müqavilələr bağlanıb və sənəddə şişirdilmiş rəqəmlər göstərilib. Mülk sahibləri müqavilələri imzaladıqdan sonra dövlətdən alınan pulları nağdlaşdırıb, yarısını məmurlara veriblər.

Qeyd edək ki, bir müddət əvvəl məşhur hind müğənnisi və siyasətçisi Musa Valanın qətlini təşkil edən Saçin Çapan Bişnoy Azərbaycana qaçmışdı. Bir neçə aydan sonra o, tutulub və hazırda ekstradisiyası məsələsi həll edilir. Musa Valanın qətli ilə bağlı aparılan araşdırma zamanı Hindistan polisi bu işdə əli olan dəstənin digər üzvü Rohit Qodaranın da, Azərbaycanda gizləndiyini müəyyən edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ