Gömrükçülər oğluma hücum çəkib sonra təqib ediblər - Qazi atası

Şirvan sakini Həsən Rzayev Vətən Müharibəsi iştirakçısı olmuş oğlu Pərvin Rzayevin qanunsuz olaraq həbs edildiyini iddia edir.

H.Rzayev “Qafqazinfo”ya müraciətində bildirib ki, oğlu ötən ilin avqustunda Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq və narkotik satmaq ittihamı ilə saxlanılıb.

Atanın iddiasına görə, DGK əməkdaşları iş üzrə təqsirləndirilən digər iki nəfəri döyərək məcburi şəkildə Pərvin Rzayevin də onlarla əlbir olduğuna dair izahat alıb:

“Oğlum işində-gücündə adam idi. Boş vaxtlarında Bakıya taksi sürürdü. Həmin gün də dostu Məhəmməd Bakıya qohumu üçün çanta aparmalı olduğunu bildirib. Deyib, “50 manat verəcəyəm, məni Xocahəsən qəsəbəsinə apar”. Oğlum da razılaşıb. Pərvin maşında gedərkən Məhəmmədin həmin çantada narkotik apardığını bilməyib. Xocahəsənə çatanda Məhəmməd deyib, gözlə düşüm, çantanı verim gəlirəm. Oğlum da maşında gözləyib. Az sonra görüb ki, qara bir "cip" onun avtomobilinə qarşıdan gələrək toxundu. O, maşını arxaya vermək istəyəndə arxadan başqa bir maşın gələrək yolu bloklamaq istəyib. Bu zaman da mənim oğlum həmin maşına toxunub. Hər iki maşından düşən şəxslər Pərvinə hücum çəkiblər. Bu vaxt oğlum qorxaraq həmin yerdən uzaqlaşıb”.

H.Rzayev bildirir ki, Pərvin Xocahəsən qəsəbəsində əməliyyatçılar tərəfindən saxlanılarkən affekt halına düşüb.

Belə ki, Pərvin Rzayev ona idmançı görünüşündə mülki geyimli şəxslərin yaxınlaşdığını görəndə, xəsarət yetirəcəklərindən qorxaraq hadisə yerindən qaçmaq istəyib. Hadisə zamanı əməliyyat qrupunun üzvləri Asiman Mehdiyevin “Hyundai Santa Fe”, Fariz Abdinbəyovun isə “Infinity FX35” markalı avtomobilləri əzilib: 

“Pərvin özü də istintaqda bildirib ki, Məhəmmədlə qonşu olduğu üçün onu rayona aparmaq xahişini yerinə yetirib. Avqustun 3-də Məhəmməd Pərvinə zəng edərək dayısıoğluna paltar göndərmək üçün Bakıya getməli olduğunu bildirib. Məhəmmədlə görüşərkən onun böyük idman çantası gətirdiyini görüb və həmin çantada paltar olduğunu güman edib. Bəlkə də kiçik bağlama olsaydı, nədənsə şübhələnə bilərdi. Pərvin müharibə qazisidir. Başında qəlpə yarası, travması var. Ruhi həyəcan keçirib və ani reflekslə qaçmağa çalışıb. Həmin yerdən qaçarkən ona hücum edən şəxslərin əməliyyatçı olduğunu bilməyib. Hətta onlar oğlumu üzərində taksi nişanı olan avtomobillə bir müddət təqib ediblər. Qaradağ postunda təqibi dayandırıb geri qayıdıblar. Pərvin də düşünüb ki, gələnlər hüquq-mühafizə orqanı işçiləri olsaydı, axıra qədər gələrdilər, yaxud polis postuna məlumat verib onu saxlatdırardılar.

Pərvin evə gəlib, qaçıb gizlənməyib. 2 gün sonra Komitə əməkdaşları gəlib evdən onu aparıblar. Onun təqsirləndirilən Məhəmməd və Süleymanla heç bir əlbirliyi yoxdur. Süleyman, ümumiyyətlə, oğlumu tanımadığını deyir. Məhəmməd isə məhkəmədə bildirib ki, əməliyyatçılar onu döyərək məcbur ifadə yazdırıblar ki, bu işdə Pərvin də onlarla əlbir olub. Onların prinsipi Pərvinin onların maşınını əzməsinə görədir. Çünki hadisədən sonra oğlumun sürdüyü maşını da aparıb gömrüyün cərimə meydançasına atıblar. Halbuki maşın rəsmi mənim adımadır. Mənim avtomobilim iş üzrə maddi sübut kimi tanınmayıb. Gedib maşını istəyəndə deyirlər ki, sənin oğlun bizim maşını əzəndə yaxşı idi?! Pərvin, ümumiyyətlə, Şirvandan Bakıya gedib-qayıdıb, amma buna qaçaqmalçılıq ittihamı veriblər. Bu insan ölkədən kənara çıxmayıb, sərhədə getməyib, necə qaçaqmalçılıq etsin?!”

Ata əlavə edib ki, oğlu 14 oktyabr 2020-ci ildə Füzulidə mina partlayışı nəticəsində  yaralanıb. Sağ baldırından xəsarət alıb, alnında metal qəlpə var: 

“Övladları soruşur atam haradadır, mən artıq utanıram onlara yalan danışmaqdan ki, atanız Moskvadadır. Mənim oğlum narkotik istifadəçisi deyil, əvvəllər məhkum olunmayıb. Müharibədə iştirakına görə təltif olunub. “Azərsu”da çalışırdı. İşini, ailəsini qoyub könüllü döyüşə getdi. Qayıdandan sonra da elə işinə davam edirdi. Yaşadığı yer üzrə onu müsbət xarakterizə edən xasiyyətnamə də verilib. Pərvinin Vətən müharibəsində yaralanmasını, himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq onun azadlığa buraxılmasını istəyirik. Oğlum 1 il 4 aydır həbsdədir. 23 iclas keçirilməsinə baxmayaraq, məhkəmədə heç bir nəticə yoxdur”.

Pərvin Rzayevin vəkili Aqil Nuriyev bildirib ki, istintaq orqanında vəsatət qaldırılaraq cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında üzləşmə keçirilməsi tələb edib. Lakin vəsatət təmin edilməyib. Vəkilin sözlərinə görə, tərəfləri üzləşdirmədən, əsassız olaraq Pərvinlə Məhəmmədin əlbir olduğunu iddia ediblər: 

“Pərvin, Məhəmməd və Süleymanın əlbir olduğunu iş materiallarında sübut edən hər hansı dəlil yoxdur. Pərvinin qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsini sübut edən heç nə yoxdur”.

İddialarla bağlı Dövlət Gömrük Komitəsinə hələlik heç bir şərh verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ