Lotu Qulinin qətlinin sifarişçisi açıqlandı - sensasion təfərrüat

İstanbulun Bakırköy rayon Respublika Prokurorluğu kriminal avtoritet, Lotu Quli kimi tanınan Nadir Səlifovun işi üzrə ittiham aktı hazırlayıb. Türkiyə mətbuatının yazdığına görə, ittihamda qanuni oğrunun qətlinin Rövşən Lənkəranski kimi tanınan digər azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin qisas aktı olduğu bildirilir. Lotu Qulinin qətlinin sifarişçiləri və təşkilatçıları Rövşənin qardaşı da daxil olmaqla, Caniyevin dəstəsinin üzvləri olub.

Xatırladaq ki, Lotu Quli 2020-ci ilin avqustunda Nazir Əzizoğlu adı ilə Türkiyəyə daxil olub. Antalyada beşulduzlu hotelin restoranında o, yaxın dostu Xaqan Zeynalov (Xan Bakinski) tərəfindən güllələnib. Lakin Zeynalov istintaqa verdiyi ifadəsində kriminal avtoriteti öldürdüyünü, həmçinin 4 milyon dollar qonorar aldığını etiraf etməyib.

İstintaq materiallarına görə, Zeynalov Səlifova iki dəfə atəş açıb, daha sonra hoteldən qaçaraq yaxınlıqda onu gözləyən Əmir Həmidlinin maşınına minərək hadisə yerini tərk edib. Lakin Türkiyə polisi qatilin izinə düşüb, avtomobil Antalya-Dənizli  yolunda saxlanılıb. Hər iki şəxs saxlanılıb, maşında tapança və bıçaq aşkar edilib.

Lotu Quli mafiya lideri olduğundan və onun qətlini mütəşəkkil dəstə törətdiyindən iş İstanbul prokurorluğuna göndərilib. Bundan sonra İstanbul Polis Bölməsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırma aparıb və onun əsasında qətlin 2016-cı il avqustun 18-də İstanbulun Beşiktaş rayonunda odlu silahla öldürülən Rövşən Lənkəranskinin qisas məqsədi ilə törədildiyini müəyyən etmək mümkün olub.

Xaqan Zeynalova Lot Qulinin qətlinə görə 4 milyon dollar vəd edilib

Həmçinin məlum olub ki, Xaqan Zeynalov və Əmir Həmidli ilə yanaşı, Əli Mövlamlı, Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova, Namiq Caniyev (Rövşən Lənkəranskinin qardaşı), Rəsul Həsənov, Ümid Nəcəfov, Cəmil Keleş , Nurşən Arasoğlu və vəkil Erkan Aşan də qətldə iştirak ediblər. İstanbul və Ərzurumda həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. Bu əməliyyatlar zamanı polis Mövlamlı, Həsənov, Nəcəfov, Keleş, Aşan və Arasoğlunu həbs edib. Arasoğlu daha sonra həbsdən azad edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Caniyev axtarışa verilib.

İttihamda qeyd olunur ki, Rövşən Lənkəranskinin ailəsi əmindir ki, onların qohumunun qətlini Lotu Quli təşkil edib; Rövşənin yaxınları qisas almaq qərarına gəlib. Bu məqsədlə Namiq Caniyev, Camal Həsənov və Cəfər Əlizadənin rəhbərliyi altında mütəşəkkil dəstə yaradılıb.

Rövşən Lənkəranskinin ailəsi əmindir ki, onların qohumunun qətlini Lotu Quli təşkil edib

İstintaq materiallarına görə, Namiq Caniyevin dəstəsindən Cəfər Əlizadə bu cinayəti Əmir Həmidliyə tapşırıb. Qrup seçilmiş cinayət yerində ilkin müşahidə aparıb. Xanımnisə Məmmədova və Əmir Həmidli özlərini sevgili kimi təqdim edərək Səlifovun yaşadığı hoteldə məskunlaşıblar. Camal Həsənova lazımi məlumatı verərək hadisədən iki gün əvvəl hoteli tərk ediblər. Əvvəllər qrup Səlifovu və qardaşını öldürməyə bir neçə dəfə cəhd edib, lakin bu cəhdlərin qarşısı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən alınıb. Cəfər Əlizadə sonda Lotu Qulinin etibarlı adamı Xaqan Zeynalovu 4 milyon dollar müqabilində kriminal avtoritetin qətlini törətməyə razı salıb.

İzmir qapalı həbsxanasında olan Xaqan Zeynalov məhkəməyə verdiyi ifadəsində Lota Qulini öldürmədiyini bildirib:

“O, mənim yaxın dostum idi. Məni Türkiyəyə dəvət etdi. Avqustun 17-də aramızda mübahisə yarandı. Nadir Səlifov mənə Moskvada yaşayan iş adamını oğurlamağı tapşırdı. Razı olmadım. Mübahisə zamanı Nadir məni vurdu, zalda 8 silahlı mühafizəçi var idi. Dava zamanı mənə atəş açıldı və özümü qorumaq üçün tapança çıxarıb sola atəş etdim. Nadir sağda idi”.

Qatil iddia edib ki, hadisədən əvvəl Əmir Həmidli ilə hoteldə görüşüb və avqustun 19-da onunla İstanbula getməyə hazırlaşıb. Lakin insident bütün planları pozub, və Zeynalov təcili getməli olub.

Müstəntiq Zeynalova xatırladıb ki, bundan əvvəl istintaqa verdiyi ifadəsində qətli necə törətdiyi barədə ətraflı danışıb. Təqsirləndirilən şəxs həmin ifadələri təzyiq altında verdiyini bildirib.

Əmir Həmidli də, məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O, bildirib ki, hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova Türkiyəyə istirahətə gəliblər, Məmmədova isə fahişəliklə məşğul olub. O, əlavə edib ki, yaralı Zeynalov təcili olaraq hoteldən çıxarılmasını istəyib və bunu Səlifovla mübahisəsi ilə izah edib.

Məhkəmə kollegiyası Əmir Həmidliyə əvvəllər istintaqa verdiyi ifadəsində onun qətli təşkil etdiyini etiraf etməsini xatırladıb. Həmidli də bu ifadəni təzyiq altında verdiyini bildirib. Bununla belə, aşkar faktlar Zeynalov və Həmidlinin bəraətverici ifadələrini dəstəkləmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ