Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, məktəb hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
Xatırladaq ki, baş vermiş hadisənin görüntüləri mediada yayılıb. Belə ki, hadisə vaxtı 11 yaşlı qızı, dərs bitdikdən sonra məktəbin dəhlizində atasının gəlməsini gözləyib. Bu zaman S.Həsənov məktəbdə qıza qarşı əxlaqsız hərəkətlər edib. Məktəbli dərhal hadisə barədə valideyninə məlumat verib.