Almaniyanın təhlükəsizlik xidmətləri ehtimal edirlər ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin zərərçəkən üç qoluna o qədər ciddi ziyan dəyib ki, onlar bundan sonra heç vaxt işlək olmayacaq. “Der Tagesspiegel” qəzeti çərşənbə günü, sentyabrın 28-də, Almaniyanın hökumət dairələrindəki mənbələrə istinadən xəbər verir ki, borular tez bir zamanda təmir edilməsə, kəmərə böyük miqdarda duzlu su dolacaq və bu, korroziyaya səbəb olacaq.
Qəzet qeyd edir ki, Avropa Komissiyası, Almaniya təhlükəsizlik orqanları və Almaniya Federal Kəşfiyyat Xidməti (BND) hadisəni təxribat aktı hesab edir. BND araşdırmada aparıcı rolu üzərinə götürüb, qurum partlayışlardan əvvəl gəminin hərəkətinin peyk görüntülərini öyrənir.
Güman edilir ki, kəmərin hər üç qolu hədəflənmiş partlayışdan zərər çəkib, çünki çuxurların ölçüsü çox böyükdür və boru kəmərlərində təzyiqin düşmə sürəti də yüksək olub. Versiyalardan birinə görə, dalğıclar partlayıcı maddələri “Şimal axını”nın iki və “Şimal axını 2”nin bir borusuna quraşdırıblar. Bundan əlavə, sızmanın baş verdiyi üç yer arasında böyük məsafə var.
Hadisə həmçinin Almaniya Xarici İşlər Nazirliyinin böhran qərargahı tərəfindən öyrənilir, bir sıra federal nazirliklər və federal kanslerin departamenti insidentin nəticələri ilə bağlı məsləhətləşmələr aparır.
Rusiya qazını Almaniyaya çatdırmaq üçün tikilən “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində böyük sızma barədə sentyabrın 26-na keçən gecə məlum olub. Rusiya tərəfi kəmərin bərpasının nə qədər vaxt aparacağının hələlik məlum olmadığını bildirib və baş verənlərdən dərin narahatlığını vurğulayıb.