Avro manata qarşı kəskin ucuzlaşdı - Tarixi minimum

Sentyabrın 28-də Avropa valyutası manat qarşısında tarixi minimuma enib.

Belə ki, avronun məzənnəsi 1,6236 manata enib. Bu isə sentyabr ayının 1-i ilə müqayisədə Avropa valyutasının 4,6%, 2022-ci ilin əvvəlindən isə 17,7% ucuzlaşması deməkdir. 2022-ci ilin əvvəlində isə avro 1,9191 manata ticarət edilmişdi.

Qeyd edək ki, avronun manat qarşısında ucuzlaşması ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini növbəti dəfə artırması və dolları bahalaşdırması ilə bağlıdır. Qurum növbəti dəfə sentyabrın 21-də uçot dərəcəsi 3-3,25%-ə qaldırılıb. Nəticədə Azərbaycan manatının dollara bağlı olması onun digər valyutalar qarşısında, o cümlədən avro qarşısında dəyər qazanmasını şərtləndirib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirlər. Bu isə o deməkdir ki, bu ilin sonuna kimi avro və digər valyutalar dollar qarşısında, o cümlədən manat qarşısında ucuzlaşmaqda davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ