“Atəşgah Sığorta” batır

Azərbaycanın sığorta bazarında yığımların həcminə görə ilk beşliyə daxil olan “Atəşgah Sığorta Şirkəti” ardıcıl olaraq iki ildir ki, hesabat dövrünü ziyanla başa vurduğunu elan edir. 

Buta.media-nın məlumatına görə, bu barədə  azpolitika saytı yazır, şirkətin hesabatlarından belə məlum olur ki, “Atəşgah Sığorta Şirkəti” ASC 2018-ci ili 770 min 375 manat zərərlə başa vurub. Sözügedən şirkət 2017-ci ili isə 1 milyon 27 min manat ziyanla yekunlaşdırmışdı.

Azərbaycanda kifayət qədər reklam olunan bu şirkətin səhmlərinin 63 faizi biznesinin əsas hissəsi Rusiyada olan milyarder İsgəndər Xəlilova aid “İSR Holdinq”ə məxsusdur. 

Məsələ ondadır ki, “Atəşgah Sığorta Şirkəti”nin təkcə mənfəət deyil, digər bir sıra maliyyə göstəriciləri üzrə də gerilədiyi müşahidə olunur. Və ilk baxışdan belə təəssürat yaranır ki, şirkətin maliyyə vəziyyəti ürəkaçan deyil. Belə ki, ardıcıl iki ildir ziyanla işləyən şirkətin balans kapitalı və aktivləri də azalıb. 

Xüsusilə balans kapitalının 8 faiz azalaraq, 11.951 milyon manata enməsi əlbəttə ki, müsbət hal sayıla bilməz. Şirkətin aktivlərindəki geriləmə isə 2 faizdir və aktivlər cəmi 42.117 milyon təşkil edir.

Belə görünür ki, ötən il “Atəşgah Sığorta Şirkəti”nin müştəri sayını və yığımın həcmini artırmaq sarıdan problemləri olub. Çünki illik müqayisədə şirkətin topladığı sığorta haqları 38 milyon 956 min manatdan 36 milyon 832 min manatadək geriləyib, sığorta ödənişləri isə 17 milyon 399 min manatdan 20 milyon 82 min manata yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ