Qış gəlməmiş quru meyvələr də bahalaşdı

“Mağazalarda quru meyvələrin bahalaşması, əslində, bir tərəfdən başadüşüləndir. Çünki həmin məhsulların maya dəyəri artıb. Kənd təsərrüfatı məhsullarında mövsüm dövrünün olmasına baxmayaraq, quru meyvələrin maya dəyərinin qiyməti düşmür”.

Bu sözləri quru meyvələrin bahalaşması ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Xatırladaq ki, ərzaq məhsullarının qiymətində artım hələ də davam edir. Müşahidə etsək, bunun təkcə bizdə yox, bütün ölkələrdə olduğunu görərik. Mağazalarda quru meyvələrin də bahalaşdığı nəzərə çarpır. Belə ki, ərik qurusunun bir kiloqramının qiyməti 6,50 AZN idisə, artıq 7,50; kiloqramı 5,90 AZN-ə olan kişmiş isə 7 manata satılır.

Bəs görəsən, quru meyvələrin qiymətinin artmasının səbəbi nədir?

İqtisadçının sözlərinə görə, mövsüm dövründə qiymətlər aşağı düşməlidir:

“Bununla bağlı bizim xüsusi bir araşdırmamız yoxdur. Hazırda mövsüm sonudur. Bir sıra quru meyvələr Azərbaycana xüsusən İran kimi ölkələrdən idxal olunur. İdxalda bahalaşma qaçılmazdır. Həmin məhsulların maya dəyəri, nəqliyyat  xərcləri artıb. Bu da müəyyən mənada öz təsirini göstərir.

Qış mövsümü gəlir. Quru meyvələr üçün tədarük indidən başlayır. Lakin burada qiymətlər azalmır. Qiymətlər düşmürsə, təbii ki, bu, artıq tədarükçüləri vadar edir ki, əllərində olan məhsulu daha optimal şəkildə (yəni baha) bazara təqdim etsinlər. Bütün bu amillərin birləşməsi fonunda biz bazarlarda daha baha qiymətə məhsulların təşviq edilməsinin şahidi oluruq”.

Ekspert Xalid Kərimli isə əlavə edib ki, qiymətlərin artımında əsas amil xərclərin bahalaşmasıdır:

“Ötən ay artım ləngisə də, fəsillə əlaqədar olaraq, qiymətlərin stabilləşməyinə dair bir gözlənti yoxdur. Mərkəzi banklar da qiymət artımı ilə mübarizə aparırlar. Lakin hələlik uğurlu deyillər. Yaxın aylarda qiymət artımı, yəqin ki, davam edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ