Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası sürətlə davam etdirilir. Artıq yola yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Buta.media-ya verilən məlumata görə, aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.
Daha sonra qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılır. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri davam etdirilir.
Torpaq işləri yekunlaşan ərazilərdə "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlaınılıb.
Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.