Almaniyanın bu qış təbii qaz qıtlığından yarana biləcək fəlakətin qarşısını almaq üçün üç ay vaxtı var. Bu barədə “Bloomberg” yazır.
“Yayın ortası olsa da, Berlinin defisitin qarşısını almaq üçün çox az vaxtı var”, - nəşr qeyd edir.
Məqalədə bildirilir ki, belə vəziyyətin yaranmasına Almaniya kansleri Olaf Şoltsun qətiyyətsiz siyasəti, eləcə də Rusiya qazından asılılığı azaltmaqda ləng davranması səbəb olub.
Müəlliflər Berlindəki prezident sarayının artıq gecələr işıqlandırılmadığına, Hannoverdə isə hovuz və idman zallarında duşlarda isti suyun verilməsinin dayandırıldığına diqqət çəkirlər.
“Bu, bütün Avropanı bürüyəcək böhranın yalnız başlanğıcıdır”, - nəşr xəbərdarlıq edir.
Bundan əlavə, Bundestaqın alternativ enerji təchizatı ilə bağlı səylərinin uğursuzluğa düçar olduğu vurğulanır.
“Ölkə Fransaya belə arxalana bilməz, belə ki, nasaz nüvə reaktorları, əksinə, böhranı daha da dərinləşdirə bilər”, - məqalədə bildirilir.