Azərbaycanla həll etdik. Konkret işə başlayacağıq - Putin

Rusiya tərəfi Sankt-Peterburqdan Fars körfəzinə marşrutu açacaq yolun İran ərazisində keçən hissəsini tikməyə hazırdır.

Bunu çərşənbə axşamı İranın paytaxtında keçirilən Astana Üçlüyü sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, İran istiqamətində infrastrukturun inkişafı baxımından “çox şey etmək olar”. Nümunə olaraq Putin İran ərazisindən keçməklə İslam Respublikasının cənub limanlarına çıxışı olan və Fars körfəzi və Hindistana yol açacaq qısa marşrutu göstərib. 

“Orada söhbət cəmi 146 km-lik hissənin tikintisindən gedir. Rusiya tərəfi bunu etməyə hazırdır. Biz bu tikintinin şərtlərini razılaşdırmalıyıq”, - deyə prezident bildirib.

“İran bunda maraqlıdır və iranlı tərəfdaşlarımız bunu təsdiqləyiblər. Rusiya da bunda maraqlıdır, çünki Rusiyanın şimalından, Sankt-Peterburqdan biz birbaşa Fars körfəzinə çıxış əldə edəcəyik. Çox maraqlı və perspektivli marşrutdur”, - deyə Rusiya dövlətinin başçısı izah edib. Onun sözlərinə görə, Azərbaycan da bu yolun tikintisinə maraq göstərib.

“Biz indi iranlı tərəfdaşlarımız və dostlarımızla ümumi şəkildə danışdıq. Azərbaycan tərəfi məsələni həll etdik. Ümid edirəm ki, indi biz konkret işə başlayacağıq”, - deyə Putin yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ