Hazırda Ukrayna Rusiya ilə taxılın beynəlxalq bazara ixracına dair razılığa gəlməkdədir, lakin təhlükəsizlik məsələləri hələ də həll olunmalıdır.
Bunu “El Pais” nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Biz son mərhələdəyik və indi hər şey Rusiyadan asılıdır. Əgər həqiqətən də bunu istəsələr, tezliklə taxıl ixracına başlanacaq. Əgər Rusiya danışıqların vacibliyində israr etməyə davam etsə, deməli onlar “aclıq oyunlarını” davam etdirirlər”, - Kuleba bildirib.
O Ukraynanın taxılını ixrac etməyə hazır olduğunu vurğulayıb.
“Bizim taxıla çox ehtiyacı olan ölkələrlə eyni gəmidəyik”, - deyə Kuleba bildirib.
Onun fikrincə, Rusiya tərəfi bunda maraqlı deyil.
“Mən yalnız bir mümkün səbəb görürəm: Rusiya Afrika və Asiya ölkələrinə göstərmək istəyir ki, onları ərzaq qıtlığından xilas etmək istəyirlər. Amma düzdür, Rusiya Ukraynanın ixracında maraqlı deyil, çünki onlar bilirlər ki, biz ixrac etsək, beynəlxalq bazarlardan gəlir əldə edəcəyik və bu, bizi daha da gücləndirəcək”, - nazir izah edib.