Bu il Həcc ziyarəti məqsədilə Azərbaycana 2000 kvota ayrılıb.
Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.
İdarədən deyilib ki, 2018-ci ildə də kvota eyni olub, sadəcə yekunda 1440 nəfər sənəd verib.
İdarədən verilən məlumata görə, 2019-cu ildə Səudiyyə Ərəbistanındakı iqtisadi durumla əlaqəli qiymətlərdə fərq var, 75 dollar bahalaşma olacaq. Ötən il bir nəfərin ziyarəti 4150 dollar olmuşdu.
QMİ-nin açıqlamasına görə, 2019-cu ildə isə bu qiymət 4225 ABŞ dollar təşkil edəcək.
Ancaq bir qədər əvvəl bu qiymətin daha çox, 4285 dollar təşkil edəcəyi gözlənirdi.
Artıq fevralın 26-dan etibarən Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanılıb və bu mayın sonuna kimi davam edəcək.
Zəvvarların Həcc ziyarətinə yola salınmaları avqust ayının əvvəlinə nəzərdə tutulur.
Xatırlatma
- Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. 2018-ci ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfər getmişdi. Bir nəfərin ziyarəti 4150 dollar idi. Son illər zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.