Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalara görə rusiyalı iş adamları milyardlarla dollar itiriblər.
Buta.media RİA Novosti-yə istinadən xəbər verir ki, Ukraynada gedən müharibənin ilk günündən rusiyalı biznesmenlərin sərvəti ümumilikdə 39 milyard dollar azalıb.
Ən böyük zərbə isə Azərbaycan əsilli iş adamı, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərova dəyib - onun sərvəti altı milyard dollar azalıb. Onun sərvəti 13 milyard dollar təşkil edir.
Hazırda Rusiyanın ən varlı insanı, “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin ilin əvvəlindən bu yana 1,47 milyard dollar itirib. Bununla belə, onun sərvəti 29,4 milyard dollar olaraq qiymətləndirilir.
Rusiyalı milyarder Roman Abromoviçin sərvəti isə ilin əvvəlindən 3,6 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.
Rusiya fond birjasının çöküşü biznesmenlərə ciddi təsir göstərib. Daha sonra isə Qərb sanksiyalar tətbiq etdi. ABŞ-ın tətbiq etdiyi fərdi məhdudiyyətlərə 19 biznesmen və məmur düşüb. Onların arasında Boris və Arkadi Rotenberqlər, Yevgeni Priqojin və Əlişir Usmanov da var.