Azərbaycanda son 7 il ərzində kreditlərin faiz dərəcələri demək olar, dəyişməyib. Belə ki, həm biznes, həm ipoteka, həm də pərakəndə kreditlərin faiz dərəcələrinin 2024-cü ildə 2018-ci illə müqayisədə dəyişmədiyini müşahidə edirik.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
AMB sədri bildirib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb. Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır.
“Yəni keçən ilin sonlarında faizin cüzi artması kreditləşməyə tələbi azaltmayıb”, deyə Taleh Kazımov əlavə edib.
Bu il manatın nominal effektiv məzənnəsi möhkəmlənəcək
AMB sədrinin sözlərinə görə, 2025-ci ildə manatın nominal effektiv məzənnəsi 8.2% möhkəmlənəcək. Manatın möhkənlənməsi inflyasiyaya 2.2 faiz bəndi azaldıcı təsir edəcək.
Mərkəzi Bankın proqnozlarına görə, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov
Əmanətçilərin sayı artıb
Taleh Kazımov Azərbaycanda əmanətçilərin sayının bir ildə 40%-dən çox artdığını açıqlayıb.
O qeyd edib ki, 2023-cü ildə əhali arasında əmanətçilərin sayı 106 min nəfər olub, 2024-cü ildə bu rəqəm 43- 44 min nəfər artıb.
“2024-cü ildə əhali arasında əmanətlərin sayının artımını hədəfləmişdik, amma bunu açıqlamırdıq. Əhali arasında əmanətçilərin 78%-nin 30 minə qədər əmanəti olanlardır”, AMB sədri əlavə edib.
Mərkəzi Bank neftin orta qiyməti üzrə proqnozunu açıqlayıb
Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətini 2025-ci il üzrə 77,3 dollar proqnozlaşdırıb. AMB təbii qazın orta qiymətini bu il üzrə 349 dollar proqnozlaşdırıb.
AMB qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Mərkəzi Bankın bu ilin sonuna iqtisadi artım proqnozu 2025-ci il üzrə 3,3% təşkil edir. Qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 5,2 % müəyyən edilib.
AMB-nin 2025-ci il üzrə bundan əvvəlki proqnozu müvafiq olaraq 5,1% təşkil edib.