AMB inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb.

AMB-dən bildirilib ki, ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.

“Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək”, məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ