Benzin hara yox olub? Bəzi rayonlarda Aİ-92 və dizel qıtlığı yaşanır

Artıq bir aya yaxındır ki, Qusarda yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzin, son günlər isə dizel yanacağı qıtlığı yaşanır.

Bu barədə haqqin.az-a yerli sürücülər məlumat verib.

Onların sözlərinə görə, benzin və dizel yanacağını ancaq SOCAR və Azpetrol-a məxsus iri yanacaqdoldurma məntəqələrində tapmaq olar. Xudatda da, sürücülər oxşar problemlə üzləşdiklərini qeyd ediblər. Onlardan biri Qusarın kəndlərində kiçik yanacaqdoldurma məntəqələrinin boş qaldığını, nəqliyyat vasitələrinin yanacağı qurtarsa, yolda qalacaqlarını deyib.

Qusardakı “Pioner” yanacaqdoldurma məntəqəsinin nümayəndəsi Emin Əliyev problemin mövcudluğunu təsdiqləyib. O qyed edib ki, şirkətin üç yanacaqdoldurma məntəqəsi var: biri rayon mərkəzində, ikisi isə kəndlərdə. Emin Əliyevin sözlərinə görə, son bir ayda zavoddan Aİ-92 markalı benzini məhdud miqdarda və yalnız limitə uyğun alırdılar.

“Dekabrın 17-də biz ümumiyyətlə Aİ-92 markalı benzin ala bilmədik. Dizel yanacağını isə Xaçmazdan alırdıq, həmin gün o da yox idi”, deyə Əliyev bildirib. O qeyd edib ki, SOCAR və Azpetrol kimi böyük şəbəkələrin olmadığı yerlərdə sürücülər üçün çətinliklər yaranır.

Kiçik yanacaqdoldurma məntəqələri gah işləyir, gah da boş olur, buna görə də müştəri itirir. Bu, kiçik sahibkarları narahat edir: 

“Biz SOCAR, İqtisadiyyat Nazirliyi və digər aidiyyatı qurumlarla əlaqə saxlamışıq. Yanacağın tədarükünün məhdudlaşdırılmasının səbəblərini öyrənmək istərdik. Əvvəlcə bəzi texniki nasazlıqları şifahi bildirdilər, lakin rəsmi cavab almadıq. Daimi müştərilərimizi itirə bilərik, heç olmasa səbəblərini izah etsinlər”.

Sosial şəbəkələrdə analoji vəziyyətin təkcə Qusarda deyil, Quba, Xaçmaz və Sumqayıtda da müşahidə olunduğu, bəzi yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin olmadığı bildirilir.

SOCAR-ın mətbuat xidmətindən isə vəziyyətlə bağlı açıqlama verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ