Pensiyaların hesablanmasında yenilik təklif edilib

“Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadəni təklif edirəm”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Qanun layihəsinə münasibət bildirərkən deyib. 

“Belə ki, əmək pensiya məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır. Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı daha yüksək pensiya almaq imkanı da qazanarlar”, - deyə millət vəkili qeyd edib. 

Deputat onu da bildirib ki, digər məqam əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır: “Cənab Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması yaxşı olardı. Bu baxımdan, differensial yanaşmaya ehtiyac var”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ