Kimlərə ayda 345 manat ödəniləcək?

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. 

Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı ölkə Prezidentinə məlumat verəcək. 

Milli Məclisin VI çağırış deputatı olmuş Vüqar Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək: “Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar”.

V.Bayramov əlavə edib ki, yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq: “Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ