Azərbaycanda qadınların pensiya yaşı dəyişir

Azərbaycanda 2024-cü ilin iyulun 1-dən qadınların pensiya yaş həddi artırılacaq. 

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Cari ilin iyunun 30-na qədər kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay qalacaq.

1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64-ə çatdırılacaq.

Qeyd edək ki, bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ