Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub.
Buta.media xəbər verir ki, bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Qərar iyunun 1-dək qüvvədə qalacaq.
Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinə təsir edə bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov öz Facebook səhifəsində bununla bağlı açıqlama verib.
Deputat bildirib ki, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.
“Güzəştlərin çox qısa müddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək.
Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədə uyğundur”.