Azərbaycanda pensiyaların nə qədər artacağı məlum oldu

Əmək pensiyalarının ödənilməsi ilə bağlı xərclərin artım tempi cari ilin ilk yarısında bütün növ pensiyalar üzrə müvafiq göstəriciyə uyğun şəkildə proqnozlaşdırılıb.

Buta.media-nın Oxu.Az-a istinadən məlumatına görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəyində öz əksini tapıb. 

Qanun layihəsinə əsasən növbəti ildə əmək pensiyalarının ödənilməsi üzrə xərclərin 4 milyard 951 milyon manat olacağı nəzərdə tutulub. Bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 477,4 milyon manat (10,7 faiz), 2021-ci ilin gözlənilən icrasından isə 187,1 milyon manat (3,9 faiz) çoxdur.

Cari ilin sonuna əmək pensiyalarının ödənilməsi üzrə xərc edilməsi gözlənilən vəsait 4 milyard 763,9 milyon manat olaraq müəyyən edilib ki, bu da il üzrə təsdiq edilmiş proqnoz göstəricisindən 116,1 milyon manat az və ya həmin göstəricinin 97,6 faizi həcmində olacağı deməkdir.

Qeyd edilib ki, növbəti ildə əmək pensiyalarının ödənilməsi xərclərinin xüsusi çəki göstəricisinin fondun ümumi xərcləri üzrə olmaqla cari ildə gözlənilən 94,3 faizlik icra göstəricisinə nisbətən azalacağı proqnozlaşdırılır ki, bu da fondun digər xərclərinin artımı ilə əlaqədardır.

Əmək pensiyalarına dair tərtib edilmiş statistik hesabata əsasən cari ilin əvvəli ilə müqayisədə birinci yarısında əmək pensiyaları üzrə ümumi orta aylıq pensiya məbləği 26,6 manat (8,8 faiz), o cümlədən yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,9 manat (8,1 faiz), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26 manat (10 faiz) və ailə başçısını itirməyə görə pensiya növü üzrə isə 23,1 manat (8,8 faiz) artıb.

İzahata əsaslanmaqla, 2022-ci ildə orta aylıq pensiya məbləğinin 14,4 manat artaraq 343,2 manat məbləğində proqnozlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, orta aylıq pensiya məbləğlərində nəzərəçarpacaq artımlar 2019-cu ilin sonlarından başlayaraq müşahidə olunmaqdadır.

Bu tarixdən pensiya məbləğlərində əsaslı dəyişikliklərin baş verməsi əmək pensiyasının minimum məbləğinin artırılması, orta aylıq nominal əmək haqqının artım tempinin yüksək olması və buna müvafiq olaraq pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, müvafiq kateqoriyadan olan şəxslərin əməkhaqlarının artımı hesabına həmin kateqoriyaya aid edilən və hazırda pensiyaçı olan şəxslərə təyin edilmiş pensiyaların yenidən hesablanması ilə bağlıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ