Azərbaycanda 500 manatlıq xatirə pul nişanları dövriyyəyə buraxılıb - FOTO

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfərinin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının təqdimat mərasimi keçirilib.

Mərkəzi Bankdan Buta.media-ya verilən məlumata əsasən, zəfər tarixini əbədiləşdirmək üçün 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılması elan edilib.

Qeyd olunub ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də “8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunub. Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının da yenilənməsini həyata keçirmiş və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ