Bank kartların işləməməsi: 7 saat problem olar?

İKT üzrə ekspert Osman Gündüz Azərbaycanda bank kartları ilə ödənişlərdə yaranmış problemlə bağlı fikirlərini bildirib.

Mövzu barədə sosial şəbəkə hesabında yazan ekspert çoxsaylı sualların açıq qaldığını deyib:

“Ötən günlər “Azərikard”da baş verənlərlə bağlı qurum rəhbərliyi açıqlama verib. Bildirilib ki, UPS avadanlıqlarının planlaşdırılmış yenilənməsi zamanı gözlənilməz gərginlik sıçrayışı baş verib. Bunun nəticəsində cihazlar sönüb və yenidən işə düşüb. Nəticədə isə saxlama (storage) cihazlarının qeyri-adekvat davranışı səbəbindən sistem bloklanıb və xidmət göstərmək mümkün olmayıb. Storage avadanlığını isə dərhal blokdan çıxarmaq mümkün olmayıb. Hər şey tam aydındır. Anlaşıqlı desək, elektrikdə problem olub, sistem restart olub və bundan sonra sistem bloklanaraq işə düşməyib. Burada incə bir məqam var. Nə üçün məhz 7 saat ərzində sistemi işə salmaq mümkün olmayıb?”

Osman Gündüz bildirib ki, oxşar hadisələr dəfələrlə baş verib və bunun müxtəlif səbəbləri ola bilər: “Hansı avadanlıqlar olub, quruma verilən bu texnologiyanın təchizatçısı , istehsalçısı kim olub? Nə üçün anında reaksiyalar olmayıb? Nə üçün backup versiya işə düşməyib, backup hansı texnologiya üzərində "oturubmuş"? Tenderlərin siyahısına baxanda görmək olar ki “Azərikard”ın storage-ləri HPE texnologiyasıdır. Düşünürəm ki, bütün bu tip hadisələrin məhz HPE nümayəndəliyinin ölkəmizdə bağlanmasından sonra baş verməsi də təsadüfi deyil. Maraqlıdır ki, lokal texniki dəstəyin olmadığı bir şəraitdə belə bir strateji qurumda, yüz minlərlə vətəndaşın bank məlumatları yerləşən sistemə kim müdaxilə edə bilib və problemi aradan qaldıra bilib? Artıq HPE ilə bağlı bir neçə dəfə dövlət qurumlarında belə hallar təkrarlanıb. Bildiyim qədər bu cür qurumlara belə resurslar veriləndə ciddi təminatlar olur, müqavilələr bağlanır”.

Ekspertin sözlərinə görə, normalda bu cür problemlər anında, qısa zaman kəsiyində aradan qaldırılır: “15 banka xidmət edən, Mastercard və Visacard kimi qurumlardan lisenziyası olan Azərikard-ın 7 saat donması ağlasığmazdır. Ümid edirəm ABB öz törəmə şirkətində baş verənlərin fərqindədir. Bir daha vurğulamaq istərdim ki, ABB -nin Azərikard-ın texnoloji mühitində baş verənləri nəzarətə götürməsi, İT audit aparması, belə problemlərin təkrarlanmaması üçün tədbirlər görməsi vacibdir. Maraqlıdır ki, Mərkəzi Bank, kritik infrastruktura cavabdeh olan XRİTDX bu məsələlərlə bağlı açıqlama verməyiblər”.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ