“Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub.
“Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. Hər zaman olduğu kimi, bir daha media nümayəndələrindən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş və tövsiyə edirik” , - deyə məlumatda bildirilir.