Azərbaycanın ət bazarında son durum

Cari ilin yanvar-aprel aylarında Azərbaycana 23 milyon 796,57 min ABŞ dolları dəyərində ət idxal edilib.

Buta.media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu göstərici ötən ilin eyni dövrü (19 milyon 357,37 min dollar) ilə müqayisədə 22,93 faiz çoxdur.

Statistik məlumatlara əsasən ölkə özünün ət və ət məhsullarına olan tələbatının 84.7 faizini təmin edir.

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Vahid Məhərrəmov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı adambaşına illik norma kimi əti 74 kiloqram müəyyənləşdirib:

“Bu o deməkdir ki, ölkə il ərzində təxminən 7980 min ton ət istehsal etməlidir. Azərbaycan isə 320000 ton ət istehsal edir ki, bu da onun yarısı qədər belə deyil. Bu, ümumi rəqəmin 40 faizidir. Belə olanda isə defisit, yəni ət çatışmazlığı yaranır.  Ölkədə nisbətən alıcılıq qabiliyyəti artanda isə o dəqiqə ətə ehtiyac yaranır və daxildə kifayət qədər ət olmadığı üçün xaricdən idxal olunur”.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan yetərincə ət istehsal edə bilmədiyi üçün bazarda qiymət stabil deyil və ölkədə Gürcüstan, İran, Ermənistan, Rusiya və digər  ölkələrə nisbətən ətin qiyməti yüksəkdir:

“İdxal səbəbləri, birincisi, ət çatışmazlığına görə, ikincisi isə qiymətlərin baha olması səbəbindəndir. Qiymətlərin baha olmasına səbəb isə təklifin yetərincə olmamasıdır. Yəni istehsal və idxalla birlikdə ət 380 min tona yaxın olur ki, ümumilikdə bu da ölkə əhalisinin ətə tələbatını ödəmir”.

V.Məhərrəmov son olaraq deyib ki, Azərbaycanda ət ilə özünü təminat 40 %, idxalla birlikdə isə təxminən 56-57%-dir:

“Azərbaycan çox az sayda ölkələrdəndir ki, ərzaq məhsulları ilə bağlı illik normaları qəbul etməyib və etmir. Rusiyada, eləcə də dünyanın bütün ölkələrində, hətta Tacikistanda belə bu normalar qəbul edilib. Tələbatın ödənməsində 85% isə ona əsaslanır ki, Azərbaycanda adambaşına illik norma 35 kq götürülür”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ