Azərbaycanda siqaret və spirtli içkilər bahalaşacaq

“İnvestorları narahat edən əsas məsələ vergi dərəcələrinin artırılmasıdır”.

Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Dövlət Vergi Xidmətinin rəisi yeganə olaraq aksiz dərəcələrinin artdığını nəzərə çatdırıb:

“Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, aksiz dərəcələri 60-65%-ə çatdırılsın. Bunu biz bir gündə edə bilmərik. Bütün oyunçulara elan etmişik ki, aksiz dərəcələri tədricən bu səviyyəyə gəlib çatacaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Layihəyə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş, tərkibində tütün olan məhsulların hər 1 000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata qaldırılır.

Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ