Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artıb. Turistlərin sayı 1 milyon 535 min nəfərə çatıb.
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov öz Facebook səhifəsində yazıb. Millət vəkili qeyd edib ki, ölkəyə gələn turistlərin coğrafi mənşə strukturunda da dəyişiklik var:
“Ölkəyə gələn turistlər arasında avropalıların sayı artır, ərəblərin səfərləri isə azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da, Avropa İttifaqından gələnlərin sayı 39,5 faiz artıb. Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır”.
V.Bayramov bildirib ki, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağı artıb:
“Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”.