Bir milyon barrel Azərbaycan nefti İsrailə gedir

“Bloomberg”in məlumatına görə, bir milyon barel Azərbaycan nefti olan “Seaviolet” tankeri hazırda İsrailin Eylat limanına doğru gedir.

İsrailin Aşkelondakı əsas neft anbarları HƏMAS yaraqlılarının son hücumu zamanı dağıdıldığından, neft tədarükü üçün Qırmızı dənizdəki Eylat limanından istifadə edilir. “Bloomberg”in qeyd etdiyi kimi, baş verən hər şey sübut edir ki, HƏMAS-la müharibəyə baxmayaraq, İsrail fasiləsiz neft idxalını davam etdirə bilər.

900 futluq “Seaviolet” tankerinə Türkiyənin Ceyhan terminalından bir milyon bareldən çox Azərbaycanın “Azeri Light” markalı neftinin yükləndiyi bildirilir. Tanker rəsmi olaraq İordaniyanın Aqaba limanına gedir, lakin bir neçə treyder “Bloomberg”ə təsdiqləyib ki, İsrailin “Paz Oil” neft emalı zavodu tərəfindən alınan yük əslində Aqabadan cəmi altı kilometr aralıda yerləşən Eylat limanına çatdırılacaq.

Kpler analitik şirkətinin məlumatına görə, İsrail bir neçə ildir ki, neft idxalı üçün Eylatdan istifadə etmir. EAPC şirkəti Eylatdan Aşkelona 163 mil uzunluğunda boru kəməri çəkdiyi və buradan xam neftin yaxınlıqdakı Aşdod neft emalı zavoduna çatdırılacağı məlumdur.

Ticarət gəmilərinin neft dağılmaları da daxil olmaqla risklərə qarşı beynəlxalq sığortaçısı olan “British PI Club” çərşənbə günü yerli müxbirlərə istinadən bildirib ki, Aşkelon neft estakadası “daim raket atəşi altındadır”.

Xatırladaq ki, OPEK-ə üzv olan bir sıra ölkələrin rəsmiləri İranın çağırışına qoşulmağa və İsrailə neft embarqosu tətbiq etməyə hazır olmadıqlarını bildirmişdilər.

Analitiklərin fikrincə, kartelin bu istiqamətdə imkanları istənilən halda çox məhduddur. Bundan əlavə, ABŞ rəsmiləri İsrailin neftə olan tələbatını tam ödəməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ