Ödənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar

Bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı olub. 

“Qafqazinfo”nun məlumatına görə, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. 

Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. 

Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb. 

Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. 

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. 

Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ