Azərbaycana vizanın qiyməti müəyyənləşdi - 350 dollar

Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Buta.media məlumat verir ki, Oxu.Az-ın xəbərinə görə, adıçəkilən qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.

Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları müəyyənləşdirilib.

Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti iki ilədək (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.

Qeyd olunub ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər.

Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.

Layihə Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda, Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcək.

Qanun layihəsinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ