SOCAR-dan benzinin və dizelin ucuzlaşması xəbərinə cavab – RƏSMİ

Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. 

 
Məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bizimyol.info-ya bildirb ki, benzin və dizel yanacağın qiymətini satıcı şirkətlər deyil, müvafiq dövlət qurumları tənzimləyir.
 
Onun sözlərinə görə, SOCAR bununla bağlı heç bir qərar vermir. Yəni şirkət birtərəfli olaraq qiyməti nə artıra, nə də aşağı sala bilər.
 
İbrahim Əhmədov bildirib ki, qiymətin dəyişməsi üçün SOCAR müraciət etsə, qərar verə bilərlər:
 
"Müraciət nəyin əsasında olur? Adətən müraciət maya dəyərinin formalaşması və maya dəyərinə nisbətən satış qiymətinin rentabelli və ya qeyri-rentabelli olması ilə bağlı olur. 
 
Məsələn, manat ucuzlaşırsa, avadanlığı xaricdən əldə etmək baha başa gəlir. Bu hal, həmçinin təbii infilyasiya və başqa faktorlar da rentabelliyə təsir göstərə bilər. Hər bir halda şirkət öz əməliyyatlarını hesablayır və onun əsasında təkliflər verir ki, bizə bu yanacaq filan qiymətə başa gəlir və bunun satış qiymətindən bu qədər gəlir əldə edirik. Bu gəlir, heç olmasa, maya dəyərini qarşılayırmı, ya yox? Ona uyğun olaraq da dövlət qərar verir.
 
Bizim əməliyyatlarımızın rentabelliliyində hazırda dəyişiklik yoxdur. Bazardakı vəziyyət olduğu kimi qalır. Yəni avadanlığı təxminən eyni qiymətə alırıq, gəlir və xərclər dəyişməyib. 
 
Əlbəttə, daxili bazarda bizim qazanc əldə etmək kimi bir hədəfimiz yoxdur. Biz əsasən xarici bazarlarda hədəfləyirik ki, Azərbaycan üçün qazanc əldə edək. 
 
Maksimum gözlənti budur: daxili bazarda ziyan həddindən artıq olmasın ki, şirkətin əməliyyatlarının dayanıqlılığı təmin olunsun, şirkətdə iflas olmasın. Bu da məhsulun maya dəyərindən asılıdır ki, bu yanacağın hasil olunması, emal olunması, nəql olunması, satışı və s. neçəyə başa gəlir və neçəyə satılır? Həmçinin başqa ölkələrdə müxtəlif tənzimləmə mexanizmləri, fərqli iqtisadi siyasət yanaşmaları var. Bəzilərində subsudiyalar tətbiq edilir, bəzilərində bu edilmir. Ona görə də hamısını yan-yana qoymaq mümkün deyil. Yəni fərqli yanaşmalar mövcudur.
 
Dövlətin qanunvericiliyinə zidd olmayan istənilən ictimai təşəbbüslə çıxış etmək hər kəsin hüququdur. Yəni təkliflərini irəli sürə bilərlər və o təkliflərə dövlətin müvafiq orqanları baxa bilərlər. SOCAR da hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ