Prezidentin sərəncamına əsasən, aprelin 15-dən etibarən fiziki şəxslərə problemli kreditlərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb.
Buta.media xəbər verir ki, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında ödəniləcək kompensasiyanı öyrənmək üçün elektron kalkulyator da istifadəyə verilmişdi.
Amma kompensasiyaların ödənilməsindən sonra bəzi problemlər ortaya çıxıb. Bəzi şəxslər bildirirlər ki, açıqlanan kompensasiya məbləği başqa olsa da, bank tərəfindən karta qoyulan məbləğlər daha azdır.
Məsələylə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu, banklardan qaynaqlanan məsələdirsə, texniki problem ola bilər:
“Bu, bankların səhvi də ola bilər. Kompensasiyaların ödənilməsi ilə bağlı Fərmanın icra edilməsi bir neçə dövlət qurumuna tapşırılıb. Siyahıların təsdiqlənməsi, ümumilikdə bu prosesdə müəyyən rol alması şərtilə Maliyyə Bazarlarına Nəzarət Palatası bu işdə vətəndaşlara yardım göstərməli olan əsas qurumdur. Bu zaman Maliyyə Bazarlarına Nəzarət Palatası məsələyə müdaxilə etməlidir. Banklara yazılı göstəriş verməlidir ki, problemlər həll olunsun”.
N.Cəfərli kompensasiyaların ödənişində problem yaşayanlara bildirib ki, müraciət etsinlər:
“Əgər vətəndaşların kompensasiyalarının ödənilməsi ilə bağlı hər hansı problem yaşanırsa, yaxud hər hansı formada onlara düşən kompensasilar ödənilmirsə, mütləq palataya ərizə ilə müraciət edilməlidir. Onlar ərizələri qəbul edirlər. Oradan görüş təyin olunmalı, problem izah olunmalıdır. Əgər problem həll olunmasa məhkəmədən başqa çıxış yolu qalmır”.