İran armaturları Azərbaycan bazarına daxil olmaqda davam edir.
Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, bu günlərdə-ABŞ prezidenti Donald Trampın sanksiyalar barədə fərmanı imzalamasından sonra “Mega İnşaat” MMC adlı şirkət Azərbaycana İrandan iki vaqon həcmində 140 ton armatur idxal edib.
İdxal bəyannaməsinə əsasən həmin şirkət Gəncə şəhərində, Səfaləddin Əsgərov küçəsi, ev 7, dalan 8-də qeydiyyatdan keçib. Şirkətin fəaliyyəti barədə geniş məlumat yoxdur, amma Bakı-Sumqayıt yolu üzərindəki “Eurohome” tikinti materialları bazarında “Mega İnşaat” adlı mağaza fəaliyyət göstərir.
Şirkət İrandan armatur idxal etmək üçün belə görünür ki, Türkiyə şirkətinin vasitəçiliyindən istifadə edib. Çünki ABŞ-ın sanksiyaları nəticəsində İranın dollarla bank əməliyyatları aparmaq imkanı yoxdur, nəticədə ölkə satdığı malın pulunu valyuta ilə almaq üçün vasitəçi şirkətlər üzərindən qurulmuş sxemlərdən istifadə edir.
Doğrudur, ABŞ prezidentinin İran armaturlarının ixracına qoyduğu qadağanın təsirləri üç ay sonra özünü göstərəcək və indiki halda “Mega İnşaat” şirkəti həmin sanksiyaları pozmuş hesab edilmir. Amma bu ticarət münasibətləri davam edərsə həmin şirkəti və İrandan armatur idxal edən digərlərini ABŞ-ın sanksiyaları gözləyəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb. Həmin sanksiyalar İranın neftdən sonra ikinci əsas valyuta mənbəyi olan metallurgiya sənayesini hədəf alır. Fərmana əsasən İrandan metallurgiya sənayesi məhsullarının ixracı qadağan edilir və xarici şirkətlər 90 gün ərzində bu ölkənin metallurgiya şirkətləri ilə işgüzar münasibətləri dayandırmasalar ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.
ABŞ ötən il İrana qarşı sərt iqtisadi sanksiyaları bərpa edəndən sonra Tehran poladəritmə müəssisələrinə dempinq tətbiq etmişdi. Nəticədə maya dəyəri ucuzlaşan İran armaturları sürətlə qonşu ölkələrin, o cümlədən Azərbaycanın bazarını doldurmuşdu. Lakin İran armaturlarının keyfiyyəti ilə bağlı ciddi problemlər meydana çıxdığı üçün FHN tikinti şirkətlərinə çoxmərtəbəli binaların inşaatında bu armaturlardan istifadəni dayandırmağı tövsiyə etmişdi.