Marketlərdə istidən əriyən şokoladlara, yəqin ki, çoxumuz rast gəlmişik. İstidən formasını itirən belə şokoladları satışda görəndə istər-istəməz həmin məhsulu almağa tərəddüd edirik.
Qida zəhərlənmələrinin artdığı dövrdə şokoladların bu şəkildə satılması narahatlıq doğurur.
Haqlı olaraq sual yaranır ki, ərimiş şokoladları istehlak etmək təhlükəlidirmi?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya açıqlamasında bildirib ki, şokolad 20 dərəcədən yüksək temperaturda saxlanarsa, əriməyə başlayır.
Bu da məhsulun həm formasında, həm də tərkibində müəyyən dəyişikliklərin baş verməsi ilə nəticələnir:
“Ümumiyyətlə, şokolad keyfiyyətli məhsullardan, yəni kakaodan və təbii yağdan hazırlanıbsa bu zaman onun saxlanma müddəti, tünd şokoladdırsa iki ilə qədər, südlü şokoladdırsa bir ilə qədər olur. Lakin ağ şokolad dörd aya qədər saxlanıla bilər. Ancaq 20 dərəcədən az temperaturda saxlanması lazımdır. Təbii keyfiyyətli şokoladdırsa, və əriyib üzərində ağ təbəqə yaranıbsa, bu içindəki yağın üstə çıxması deməkdir.
Əgər şokolad təzədirsə, yeyilə bilər. Ancaq bu gün satışda olan şokoladların əksəriyyətinin tərkibində az miqdarda kakao, daha çox bitki və spred yağları, eyni zamanda da emulqator, stalbizat, aromizator və bu kimi kimyəvi qatqı maddələri mövcuddur.
Belə şokoladlar əridikdə tərkibində kimyəvi reaksiyalar gedir ki, bu da insan orqanizmi üçün çox zərərlidir. Hətta qida zəhərlənməsinə də gətirib çıxara bilər. Yaxşı olar ki, belə şokoladlar əriyibsə, artıq istifadə olunmasın’’.
Mütəxəssis qeyd edir ki, bu cür ərimiş formada şokoladları yeyən insanlar ani baş ağrıları, ürəkbulanma, qusma, hətta ishalla rastlaşır ki, bunu nəzərə alaraq, belə şokoladları yemək məsləhət görülmür:
“Əgər paketin tamlığında pozulma, yaxud şokoladın üzərində xarlamış şəkər kimi görüntülər varsa, bu artıq onun tərkibində dəyişiklik olduğu deməkdir. Şokoladdan zəhərlənməmək üçün yaxşı olar ki, həmin ərimiş formada satılan şokoladdan çox istifadə olunmasın. Bəzən şokolad əridikdə və onun saxlanması zamanı mal qonşuluğu prinsipi pozulur və açıqda qalır. Bu zaman da onun rəngi və görüntüsündə dəyişiklik olur. Eyni zamanda xoşagəlməz qoxu olur ki, bu da onun xarab olmasının göstəricisidir. Belə olduqda, mütləq şəkildə bunlardan uzaq durmalıyıq’’.
M.Hüseynova onu da vurğulayıb ki, soyudulma sistemi düzgün təmin olunmayan marketlərdən şokolad almaq məsləhət görülmür:
“Ümumiyyətlə, şokolad və digər qida məhsullarını alarkən üzərində etiket, markalanma qaydalarına diqqət yetirmək lazımdır. İstehsalçı şirkət və saxlanma qaydası, tərkibi haqqında məhsulun üzərində geniş məlumat olmalıdır. İstehsal və son istifadə tarixi də göstərilməlidir. Bütün bu məlumatlara cavab verirsə və saxlanma şəraiti uyğundursa, yalnız bu zaman həmin məhsulu alıb istifadə etmək tövsiyə olunur”